Seyid Ramin “Roman yazmaq sanki şeir yazmaqdan asan olub” – MÜSAHİBƏ

0


- Səni metrodakı dərvişlərdən biri adlandırmaq olar, ya yox?

- Bəlkə də hesab etmək olar. Hətta zarafatyana da olsa, bir dəfə mənə verilən “özün olmasaydın, kim olmaq istərdin?” sualına “Şəms Təbrizinin oğlu” cavabını da vermişəm. Dərviş-sufi mədəniyyətini çox sevirəm. Məncə Şərqi Şərq edən bu mədəniyyət olmuşdur. Amma bəzən görürsən ki, sufilikdən bixəbər bir adam durub sufiliyi “xırdalayır”. Axırda da aparıb-çıxardır Konfutsiyə. Necə deyərlər, bilənlər susur, bilməyənlər danışır.

- Əvvəllər mühitə şeirlə gəlmişdin. Az sonra publisistikaya keçdin. İndi isə deyəsən özünü nəsrdə sınamaq fikrin var.

- Düzdür. Əvvəllər daha çox şeirlər yazırdım. Sonra qəzetlətdə müxtəlif publisistik yazılar yazmağa başladım. Bu da nisbətən də olsa, içimdəki şeir yanğısını söndürməyə başladı. Daha sonra isə publisistikadan da qaçmağa başladım. Özümü nəsrə köklədim. Bunun səbəbini doğrusu heç özüm də bilmirəm ki, niyə belə oldu. Əvvəllər mənimçün şair, publisist, yazıçı anlayışları olduğu halda, son zamanlar bu anlayışlar öz yerini mətn və yazar anlayışlarına verdi. Qalan şeylər hamısı dağılıb getdi.

- Azərbaycan ədəbiyyatında gedən son proseslərlə bağlı danışmağını istərdim. Səncə Azərbaycan ədəbiyyatında nələr baş verir?

- Son vaxtlar ədəbi mühitdə canlanma hiss olunur. Demək olar hamı mütəşəkkil qaydada roman yazmağa girişib. Bacaran da, bacarmayan da elə bir ucdan roman yazır. Roman yazmağı döndəriblər lap “çay içməyə”. Xarici yazarlar bir romanı 5- 10 ilə yazıb bitirdikləri halda, bizim bəzi yazarlar romanı bir həftəyə yazıb bitirirlər. Roman yazmaq sanki şeir yazmaqdan asan olub. Çoxusu isə heç romanın strukturunu belə qura bilmir. Biri uzun bir publisisitik yazı yazıb adını roman qoyur. Soruşanda da belə deyir ki, bu janr, yəni, kortəbii sujetsizlik və publsistik dil dünya ədəbiyyatında da var. Adamın lap əli üzündə qalır. Deməyə də söz tapmırsan. Amma az da olsa, bəyəndiyim yazarlarımız var. Bu da danılmazdır ki, sənət əsəri hər zaman az sayda olmalıdır. Hamı yaxşı yaza bilməz.

- Səncə ədəbiyyata dövlət dəstəyi olmalıdırmı? Dövlət dəstəyi olmadan ədəbiyyat öz gücünə inkişaf edə bilərmi?

- Məncə ədəbiyyata dövlətin dəstəyinin olması vacib deyil. İndiki dövrdə ədəbiyyata nəşriyyatların dəstəyi olmalıdır. Nəşriyyatlar yazarlara geniş meydan verməlidir. Amma təəssüf ki, bu təcrübə bizdə hələ tam formalaşmayıb. Nəşriyyatlar çap elədikləri əsərlərin müəlliflərini əksər hallarda yalnız brend imza olduğuna görə yaxın buraxırlar. Belə deyək də, istedadlı gənclərin əsərlərini çap etməyə heç bir nəşriyyatın ürəyi gəlmir. Belə halda da rəqabətdən, durulmadan və canlı ədəbi mühitdən söhbət gedə biləməz.

- Bu gün ədəbiyyatımızda çox maraqlı proseslər gedir. Ədəbi təşkilatlar arasındakı “buzlar” əriyir, yeni layihələr həyata keçirilir, kitablar çap olunur. Bu dövrü necə dəyərləndirərdin?

- Ədəbiyyatımızdakı bu “ərimə dövrünü” təqdirəlayiq qiymətləndirirəm. İstər pis olsun, istər yaxşı, nə olursa, ədəbiyyatımızın xeyrinə olur. Vaxt gələcək hər şey öz həqiqi qiymətini qazanacaq. Ədəbi mühitdə son zamanlar aktiv iştirak etməyə çox vaxtım olmur. Bu mühiti əsasən internetdən fəal izləyirəm. Son zaman yazarlarımızın əsərləri çap olunur. Bu sevindirici haldır. Amma bunun kədərləndirici tərəfi budur ki, çap edilən müəlliflərə heç bir qonorar verilmir. Məncə bu “yazarlara meydan vermək” yox, pul qazanmaqçün ən yaxşı variantdır. Çünki heç bir dünya ölkəsində belə təcrübə yoxdur ki, yazarı çap edəsən, kitabdan gələn gəliri də öz cibinə qoyasan. Yazan adam öz haqqını almalıdır. Yəni, yazarın naşirin dədəsinə borcu yoxdur.

- Qalmaqallar, müsabiqələr, kitab seriyaları… Bütün bunlara münasibətin necədir?

- Son dövrdə baş verən proseslər müxtəlif istiqamətlərdə gedən hadisələrlə zəngindir. Məsələn, hadisələrin yaxşı tərəfi budur ki, son vaxtlar dünya ədəbiyyatından əsərlər çap edilir. Pis tərəfi isə budur ki, çap edilən əsərlərin tərcüməsi və redaktəsi əksər halda çox bərbad şəkildə olur. Demək olar ki, son zamanlar dünya ədəbiyatından çap edilən əsərlərin əksəriyyətini alıb oxumuşam. Yerli müəlliflərdən də oxuduqlarım olub. Müsabiqələrə gəlincə isə heç həvəsli deyiləm. İndiyə kimi bir çox müsabiqə olub ki, bunların demək olar, yalnız bir-ikisində iştirak etmişəm. Amma adım qaliblər siyahısına düşməyib. Qalib olanların əsərlərini oxuyanda isə həmin müsabiqədə iştirak etməyimə təəssüflənmişəm. Qalmaqallardan isə uzaq insanam. Mən ümumiyyətlə sakitliyi, təkliyi sevən adamam. Beş adam bir yerə yığılanda oradan qaçıram.

- Hansısa ədəbi təşkilatın üzvüsən? Ümumiyyətlə yazar hansısa qurumda olmalıdırmı?

- Mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Amma bu o demək deyil ki, o qurumun maraqlarına xidmət edirəm, yaxud AYB-nin yürütdüyü siyasətlə razıyam. Əslində, ortaya sənət əsəri, mətn qoymaq lazımdı. Yazarın hansı qurumun üzvü olmağına deyil, onun yazdığı əsərin keyfiyyətinə diqqət yetirmək gərəkdir. Tarixdə yaxşı əsər qalır, əsərin sahibinin hansı birliyin üzvü olması deyil.

- Kimləri oxuyursan?

- Mütəmadi olaraq dünya ədəbiyyatını oxuyuram. Xarici müəlliflərdən nə çap edilirsə, mütləq alıb oxuyuram. Hər gün heç olmasa, bir saat da olsa, mütaliə edirəm. Vaxtım az olduğundan çalışıram ki, daha çox xarici müəlliflərə üstünlük verim. Çünki, elə əsərlər var ki, o əsərləri hər bir ədəbiyyat adamı mütləq oxumalıdır. Ən çox sevdiyim isə Rus və Alman ədəbiyyatından olan əsərlərdir. Bu ölkələrin yazıçıları mənim ən çox sevdiyim yazıçılardı. Konkret ən çox sevə-sevə oxuduğum yazıçılar Dostoyevski, Tolstoy, Tven, Züskind, Sveyq, Pamuk, Malufdur. Öz yazıçılarımıza gələndə isə son zamanlar Məqsəd Nurun “Şəhər meri” romanını oxuyub çox bəyənmişəm. Bu yazıçı hər kəs üçün yazan yazıçılardan deyil. Mənə elə gəlir ki, dünyada bizim ədəbiyyatı layiqincə təmsil edə biləcək yazarlarımızdan biri hesab edilə bilər. Anar, İlqar Fəhmi, Həmid Herisçi isə zövqümə yaxın yazıçılardandır.

- Müasirlərimiz arasında oxuyub peşman olduğun müəlliflər varmı?

- Bəli. Hətta deyərdim ki, oxuya bilməyib yarıda qoyduğum əsərlər də çox olub. Ən yeni ədəbiyyat seriyasında olan əsərlərin yarıdan çoxu oxuyub təəssüfləndiyim kitablarla boldu. Bu, əsasən, guya roman janrında yazan yazıçılara aiddir. Kim nəsr janrında nə yazırsa, adını roman qoyur. Təəssüf ki, bizim gənc yazarlar oxumaqdan çox, yazmağa üstünlük verirlər.

- Növbəti kitabını nə vaxt çap etdirməyi düşünürsən?

- Uzun müddətdir ki, ardıcıl çap edilmirəm. Bunun günahını özümdə görürəm. Çünki, mən mətnə çox həssas yanaşan insanam. Məsələn, bir yazını dəfələrlə redaktə etdikdən sonra onu çap etdirməyi düşünürəm. Həm də mən mətnə çox qısqanclıqla yanaşan adamam. Əsasən internet məkanında yazıları dağınıq çap etdirməyi sanki çox qısqanıram. Yazıları kitab şəklində çap etdirməyi daha məqsədəuyğun hesab edirəm. Bir neçə il ərzində dəfələrlə kitab çap etdirməyi düşünsəm də, sonra nədənsə bu fikirdən daşınmışam. Onu da qeyd edim ki, kitab şəklində çap olunası xeyli əsərim var. İnşallah, yaxın vaxtlarda kitab çap etdirməyi düşünürəm. Necə deyərlər, hələ ki, “gec olsun, güc olsun” prinsipini üstün tuturam.

Söhbətləşdi:
Oqtay Hacımusalı

Read more

Qurban Səidin gizli qalmış "ömrü"

0


Dünyanın ən gözəl sevgi əsərlərindən biri olan “Əli və Nino” romanının Qurban Səid imzasıyla 1937-ci ildə Avstriyanın Vyana şəhərində alman dilində çap edilməsindən az müddət keçsə də, kitab nəinki Avropada, hətta bütün dünyada məşhurlaşıb tezliklə 33 dilə çevrilərək 66 ölkədə çap edildi.

Qurban Səid axtarışında

“Əli və Nino” romanının dünyada sevilərək şöhrət tapmasına baxmayaraq, Qurban Səidin kim olması ilə bağlı fikirlər uzun illər hələ də bir çoxları üçün sirr olaraq qalırdı. Qurban Səidin kimliyi zaman-zaman müxtəlif dairələrdə böyük səs-küylü mübahisələrə səbəb olurdu. Bir müddət sonra isə Qurban Səid imzasının sahibinin Lev Nussimbaum adlı yəhudi olması ilə bağlı fikirlər dünyanın Kütləvi İnformasiya Vasitələrində dolaşmağa başladı. Amma romanda yəhudi mədəniyyətindən deyil, Qafqaz-müsəlman mədəniyyətindən bəhs edilməsi səslənən fikirləri böyük şübhə altına aldı.

İllər sonra Almaniyada, Avstriyada və digər Avropa ölkələrinin arxivlərindən tapılan sənədlər Qurban Səidin heç də yəhudi deyil, məhz azərbaycanlı olduğunu ortaya çıxardı. Amma bu da Qurban Səid və romanla bağlı şübhələrə, habelə mübahisələrə son qoymadı.

Rəsmi sənədlərə əsasən, Qurban Səid avstriyalı baronessa Elfrida Erenfelsin təxəllüsü olub. Buna görə də uzun illər “Əli və Nino” romanının müəllifi Elfrida Erenfels hesab olunub. Lakin az sonra amerikalı şərqşünas Tom Rays bir sıra faktlara əsaslanıb “Əli və Nino”nun əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nussimbauma məxsus olduğunu, baronessa Elfrida Erenfelsin isə yalnız onun yaşadığı qadın olması fikrini irəli sürüb. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variantlardan biri hesab edilib. Digərləri isə “Əli və Nino”nun yazıçı Yusif Vəzir Çəmənzəminliyə məxsus olmasını iddia ediblər. Amma bu iddialar ciddi sənədlərə söykənməyib.

“Əli və Nino”nun müəllifinin Y.V.Çəmənzəminli olduğunu iddia edənlər isə yazıçının digər nəsr əsərlərindən və “Əli və Nino” romanından oxşar məqamları qeyd etməklə kifayətləniblər. Ümumiyyətlə, “Əli və Nino” romanının bədii üslubuyla Y.V.Çəmənzəminlinin bədii üslubu arasında heç bir bənzərliyin olmaması da əsas diqqətçəkən məqamlardan biridir.

“Əli və Nino” romanının Y.V.Çəmənzəminlinin adına çıxarılmasının tarixçəsi tərcüməçi Semih Yazıçıoğlunun adı ilə bağlıdır desək, bəlkə də yanılmarıq. Belə ki, o, 1971-ci ildə “Əli və Nino”nu türk dilinə çevirib həmin kitaba ön sözdə yazır ki, “Amerikada yaşayan Yusif Qəhrəman və Türkəqul adlı şəxslər bu romanı 1971-ci ildə oxuyandan sonra əsərdə bəhs edilən bir sıra yerlərin adlarını tanımışlar və belə bir əsəri yalnız yazıçı Y.V.Çəmənzəminlinin yaza biləcəyini güman etmişlər”. Onlar tanımadıqları Qurban Səid imzasının Y.V.Çəmənzəminliyə aid ola biləcəyini düşünmüşlər. Elə bu güman da neçə ildən bəri Qurban Səidin kimliyi barəsində onsuz da dolaşıq düyünü daha da bərkitmişdir. Bundan sonra isə bəzi araşdırmaçılarımız uzun illər bu fikrin üzərində dayanmışlar. Digər bir tərəfdən isə Y.V.Çəmənzəminlinin oğlu Orxan Vəzirov mətbuatda bildirib ki, Qurban Səidin, onun atası olduğunu vaxtilə Fransada mühacirətdə yaşayan ziyalı Ceyhun Hacıbəyli də təsdiqləyibmiş. Həmçinin Azərbaycan Yazıçılar Birliyi də 1993-cü ildə qəbul etdiyi qərarda “Əli və Nino” romanının müəllifinin Y.V.Çəmənzəminli olduğunu rəsmi şəkildə təsdiq etmişdir.

Azərbaycandakı arxiv sənədlərində Qurban Səid imzasıyla çap edilmiş hər iki romanın Y.V.Çəmənzəminliyə məxsus olması barədə isə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki “Əli və Nino” 1937-ci ildə, “Altunsaç” romanı 1938-ci ildə çap edilmiş və Y.V.Çəmənzəminli isə 1943-cü ildə sürgündə vəfat etmişdi. Hər-halda bu illər ərzində Y.V.Çəmənzəminli müəllifliyi ona istinad edilən əsərlər haqqında haradasa məlumat verə bilərdi. Ortaya isə daha bir sual çıxır: Bəs romanlar nə üçün Y.V.Çəmənzəminli imzasıyla deyil, Qurban Səid imzasıyla çap edilmişdir?

Bir məqamı da qeyd etmək yerinə düşər ki, “Altunsaç” romanında hadisələr Almaniyada, Avstriyada, ABŞ-da və Yaxın Şərqdə cərəyan edir ki, bu yerlər də əsərdə coğrafi dəqiqliklə təsvir edilib. Amma Y.V.Çəmənzəminlinin adıçəkilən yerlərdə olması heç bir sənəddə öz əksini tapmır.

Bu qəbildən olan dolaşıq fikirlər də hər iki romanın Y.V.Çəmənzəminliyə aid olduğunu daha da şübhələr altına almağa başladı.

Yaxın vaxtlarda Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi araşdırma işində daha da irəli gedərək Qurban Səidin Azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəy olduğu fikrini arxiv sənədlərindəki faktlara əsasən irəli sürüb.

Son dövrlər özünü Qurban Səidin araşdırılmasına həsr etmiş Nuridə Atəşi ədəbiyyatsevərlərin nəzərlərini Avropada toz basmış arxivlərə yönəltməyi bacardı. O, faktlara söykənib bir daha sübut etdi ki, Qurban Səid imzasının müəllifi məhz azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəydir. Düzdür, ondan əvvəl bu haqda bir sıra faktlara əsasən ayrı-ayrılıqda Əhməd Cəmil Məzhər, Tom Rays, Uilfrid Fuhrman və başqaları Qurban Səidin Məhəmməd Əsəd bəy olduğunu sübuta yetirmişdilər. Amma Nuridə Atəşi Qurban Səid haqqında olan tarixi sənədləri arxivlərdən taparaq bir çox təkzibedilməz faktları ortaya qoydu.

Məhəmməd Əsəd bəy kimdir?

Azərbaycan mənbələrində M.Əsəd bəy haqqında demək olar ki, yetərincə məlumat yox idi. Avropa arxivlərində olan sənədlərdə isə M.Əsəd bəy adına rast gəlmək mümkün deyildi. Çünki yazıçının rəsmi sənədlərdəki adı Almaniyadakı arxivlərdə Lev Nussimbaum, Avstriyadakı arxivlərdə isə Elfrida Erenfels kimi qeyd edilmişdi.

Neft milyonçusunun oğlu olan Məhəmməd Əsəd bəy 1905-ci il oktyabrın 20-sində Bakı şəhərində anadan olub. Uşaqlıqdan evdə qapalı şəraitdə tərbiyə alan M.Əsəd bəyin yeganə dostu olan oxuduğu kitablar onun gələcəkdə bir yazıçı kimi yetişməsində böyük rol oynayıb. Bu haqda özu sonralar belə yazacaqdı: “14 yaşıma qədər mən təkbaşına heç zaman evi tərk edə bilməzdim. Amma, bəlkə də, həmin qapalı ev tərbiyəsi bu gün həyatımın köhnə bir kresloda məhdudlaşdırılması üçün mənə səbir verir”.

1920-ci ildə Sovet qoşunlarının Azərbaycanı zəbt edib hakimiyyəti öz əllərinə keçirməsilə barışmayan Bakının o dövrkü bəzi ziyalıları kimi 15 yaşlı M.Əsəd bəyin ailəsi də buna etiraz edib mühacir həyatına qərar verir.

M.Əsəd bəyin atası İbrahim Arslanoğlu əslən səmərqəndli, anası Alisa Şlutski isə əslən rus idi. Amma Alisa sonradan İslam dinini qəbul edərək özünə Aişə adını götürür. M.Əsəd bəyin altı yaşı olanda anası vəfat edir.

Abraham Nussimbaum M.Əsəd bəyin xalası Bertanın əri olub. M.Əsəd bəy xalası əri ilə Azərbaycanı tərk edərək hələ kommunist dalğasının gəlib çatmadığı Gürcüstana gedir. Çox güman ki, M.Əsəd bəy öz təhlükəsizliyi üçün adını dəyişdirib Lev, soyadını isə Nussimbaum qoyur (maraqlıdır ki, “Əsəd” ərəbcə, “Lev” isə rusca “şir” mənasını verir). M.Əsəd bəy buradan da Avropaya yol alır. O, əvvəlcə Turkiyəyə, oradan Romaya, sonra Parisə, daha sonra isə Berlinə gedib çıxır. A. Nussimbaum M.Əsəd bəyi Almaniyada bir yəhudi kimi təqdim etməsindən sonra yazıçı rəsmən özünə götürdüyü qondarma ad və soyaddan imtina edir, həmçinin İslam dinini qəbul edirək yenidən “müsəlman olur”.

Yetərincə savadı olan M.Əsəd bəy Fridrix-Vilhelm adına Berlin Universitetində şərqşünaslıq üzrə ali təhsilə başlayaraq öz elmini daha da artırır. O bu illər ərzində türk, ərəb, fars, rus, alman, ingilis, italyan dillərində sərbəst danışmağı və yazıb-oxumağı dərindən mənimsəyir. Eyni zamanda yazıçının uğurlu jurnalistlik dövrü də elə bu vaxtalara təsadüf edir. O, bu dövrdə bir sıra qəzetlərdə məqalələr yazır, Azərbaycan Cümhuriyyəti və Şərq, eləcə də İslam dünyası haqqında yazılar dərc etdirir. Eyni zamanda o, “İslam İcması”nın, “Şərq Dilləri Seminariyası”nın və “İmperiya Yazıçıları Palatası”nın üzvü olur.

1929-cu ildə M.Əsəd bəyin ilk iri həcmli qələm məhsulu olan “Şərqdə neft və qan” əsəri Berlinin “Deutsche Verlags-Anstalt” nəşriyyatında çap edilir. Qısa bir vaxt ərzində böyük oxucu kütləsi qazanan kitab məşhurlaşaraq digər Avropa dillərinə də çevrilib Qərbdə geniş yayılmağa başlayır.

M.Əsəd bəyin “Şərqdə neft və qan” əsərini sevənlər kimi, gözü götürməyənlər də az olmur. Almaniyadakı o vaxtkı azərbaycanlılar bu kitabı Azərbaycanı aşağılamaqda, əsəri yalan və böhtanlarla dolu olmaqda ittiham edərək müəllifə qarşı böyük bir təbliğat kampaniyasına başlayırlar. Bu kampaniyanın başında o vaxt Almaniyada təhsil alan azərbaycanlı tələbə Hilal Münşi dayanır. O, bir-birinin ardınca M.Əsəd bəy haqqında alman hökumətinə donoslar yazır. Az keçməmiş bu donoslar artıq öz təsirini göstərir. Belə ki, M.Əsəd bəyin adı Almaniyanın hər yerində qadağan edilir, bütün əsərləri “ziyanlı və arzuolunmaz” hesab edilərək kitabları yasaqlanır, “İmperiya Yazıçıları Palatası”nın üzvlüyündən çıxarılır, ona yəhudi damğası vurulur və bütün bunların məntiqi sonluğu kimi o, Almaniyadan qovulur. Yazıçı 1932-ci ildə Avstriyanın Vyana şəhərinə köçür. Amma bütün bunlara baxmayaraq o, həvəsdən düşməyərək bir-birinin ardınca bir sıra maraqlı əsərlər yazır.

Onun sonralar yazdığı “Qafqazın 12 sirri” (1930), “Qafqaz. Dağlar, xalqlar və tarix” (1931), “Stalin. Fanatın karyerası” (1931), “Məhəmməd. Sonuncu peyğəmbər” (1932), “Ağ Rusiya” (1932), “Dünyaya qarşı qəsd. Q.P.U.” (1932), “Rusiya yol ayrıcında” (1933), “Maye qızıl” (1933), “Manuela Lods” (1934), “Lenin” (1935), “İkinci Nikolay. Sonuncu çarın əzəməti və sonu” (1935), “Rza şah – sərkərdə, padşah, islahatçı” (1935), “Allah böyükdür. (Allahu Əkbər) Əbdül Həmiddən İbn Sauda qədər İslam dünyasının tənəzzülü və yüksəlişi” (1936), “Mussolini” (1937) kimi əsərlər dünyada maraqla oxunan kitablar sırasındadır.

Az sonra M.Əsəd bəy ABŞ-da, Liviyada (orada ərəb-italyan dilləri üzrə tərcüməçi işləyir) uzun müddətli səfərlərdə olur. Yazıçının bir qadınla ailə qurması haqqında çox az məlumat olsa da, arxivlərdə onun övladlarının varlığı haqqında heç bir məlumata rast gəlinmir.

Qurban Səid imzasının tarixçəsi

1937-ci ildə Qurban Səid imzasıyla “Əli və Nino” romanı Vyananın “Tal” nəşriyyatında çap edilir. Elə də çox müddət keçməmiş əsər haqqında yeddi ölkədən Vyanaya daxil olan fikirlər romana böyük marağın təzahürü kimi qiymətləndirilir. Tez bir zamanda Avropanı, daha sonra isə bütün dünyanı fəth edən bu romanın bir azərbaycanlı tərəfindən yazıldığını düşünərkən adam qürur hissi keçirməyə bilmir.

Roman bütün dünyada məşhurlaşsa da, əsərin müəllifi Qurban Səidin kim olması çoxlarına naməlum qalır. Hamı bu sevimli romanı kimin qələmə aldığı haqqında maraqlansa da, bu uzun muddət səmərə vermir, məsələ uzun muddət qaranlıq və müəmmalı qalır.

M.Əsəd bəyin “Əli və Nino” romanını öz imzasıyla çap etdirməməsinin əsas səbəbi isə, onun adının əvvəllər qalmaqallarda hallanması olur. Yazıçının adının gündəmə gəlməsi yenidən onu gözü götürməyənləri qıcıqlandıra bilərdi. Ona görə də M.Əsəd Qurban Səid imzası altında kitabını çap etdirməklə bir növ öz təhlükəsizliyini sığortalamış olur.

Qurban Səid imzasının yaranma tarixçəsi isə belədir: 1936-cı ildə Qurban bayramı günlərində M.Əsəd bəylə kitabxanada görüşərkən Ə.C.Məzhər ona “Qurban Səid!”, yəni “Qurban bayramınız mübarək!” – deyir. “Əsəd bəylə söhbət edən bir turist elə başa düşdü ki, mən özümü onlara Qurban Səid kimi təqdim etdim. Turist gülümsəyərək mənə “sizinlə tanış olmağıma çox şadam, cənab Qurban Səid” dedi. Beləliklə, Qurban Səid mənim məzəli adıma çevrildi. Bir gün Əsəd bəy ilk romanını çap etdirmək üçün təxəllüs axtarırdı. O, mənə Qurban Səid təxəllüsünü götürmək istədiyini bildirdi. Beləcə, biz razılaşdıq”.

M.Əsəd bəy bundan sonra əsərlərini Qurban Səid imzasıyla çap etdirməyi qərara alır.

“Vətəndən bixəbər kişi”

M.Əsəd bəyə sonuncu əsəri olan “Sevgidən bixəbər kişi” romanını bitirməyə uzun sürən ağır xəstəliyi imkan vermir. O, 1942-ci ilin avqust ayının 27-də 37 yaşında İtaliyanın Neapol şəhərinin yaxınlığında yerləşən Pozitano adlı yerdə vəfat edir və elə oradaca dəfn olunur.

Diqqətçəkən məqamlardan biri də M.Əsəd bəyin dəfn edildiyi məzarın zahiri görünüşüdür. Belə ki, yazıçının məzarı üzü Məkkə şəhərinə doğrudur, başdaşı isə sufi mədəniyyətinə xas olan Şərq memarlıq üslubundadır. Üstündə isə Əsəd bəyin adından başqa, müqəddəs Qurani-Kərimin ilk ayəsi həkk edilib. Onun vaxtilə yaşadığı Berlindəki evin qarşısına vurulmuş barelyefdə yazıçının dilindən yazılmış - “Vətənsiz həyat boş və mənasızdır” deyimi isə insanı kövrəltməyə bilmir.

Bax, beləcə, Məhəmməd Əsəd bəyin çətin həyat yolu başa çatır. Yazıçı öz arxasınca bütün dünyada sevə-sevə oxunan 15-dən çox bir-birindən gözəl əsər və elə onlar qədər də müəmmalar qoyub gedir. Azərbaycanı bütün dünyada tanıdan və onu dəlicəsinə sevən, həyatı keşməkeşlərlə dolu olan yazıçının həyatına son nöqtə qoyulur.

Seyid Ramin

Read more

Maraqlı məsələ

0


Baş vermiş hadisə, bəzən yazılmış bir hekayədən daha təsirli olur.
Dostoyevski

Yaxın dostlardan biri o gün sözarası mənə deyir ki, cibimdə pul olanda özümü çox narahat hiss edirəm. Tez olan-qalan pulumu ora-bura xərcləyib ciblərimi boşaldandan sonra elə rahat oluram ki, elə bil dünyanı mənə bağışlayırlar.
Söhbət əsnasında dostuma qayıdıb deyirəm ki, elə mən də sənin günündəyəm. Amma mən bütün pullarımı kitablara xərcləyirəm. Heç uf da demirəm.
Bu yazıda isə sizə nə pul xərcləməkdən, nə də kitab almaqdan danışacağam. Mövzumuz başqa olduğu üçün yuxarıda yazdığım bir günün söhbətini bağlayıb keçirəm başqa bir günün söhbətinə.
Sizə indi o gündən danışıram ki, həmən gün Bakı küləyi heç kimdən utanıb qızarmadan öz toz-torpağını bir vaxt küləklərin, indi isə başqalarının şəhəri olan bu şəhərin əyri-üyrü küçələrinin birindən vurub o birindən çıxardaraq, sanki qarşısına çıxdığı insanları qarşısında diz çökdürmək fikri var idi. Küləyin çıxardığı bu həngamənin dərdindən iş-gücü olmayan insanlar həmən gün bütün planlaşdırdığı işləri başqa bir vaxta saldığı, işdən evə qayıdan adamların gözlərinə toz-torpaq dola-dola evə tələsdiyi bir vaxt, günəşin şərqdən qərbə qürub elədiyi zaman mən bir təqdimata dəvət edilmişdim.
Daşımağın dərdindən içi puldan çox kağız-kuğuzla dolu olan portmanatımı götürmək fikrindən daşındım (səbəb də bu idi ki, hava küləkli idi). Əvəzində içindən altmış qəpik pul və metro kartımı çıxardıb, məndən qoca görsənən cavan portmanatımı kitab rəfinə qoyub, əynimi dəyişib yola düzəldim. Fikirləşdim ki, həmən tədbirə getmək üçün mütləq metrodan istifadə etməliyəm. Metro kartımda bir neçə gedişin olduğunu zənn edirdim. Əslində mənə elə qırx qəpik də bəs edərdi, metro ilə ev arasında məsafəni avtobusla gedib qayıtmaq üçün. İyirmi qəpiyi də ehtiyat üçün cibimə atmışdım.
Avtobusdan düşəndən sonra üzü üzlər görmüş Bakı metrosuna daxil olub kartı yoxlayanda aparatın “sıfır gediş” göstərdiyi vaxt doğrusu bir balaca əsəbləşdim. Səbəb də bu idi ki, son zamanlar yaddaşımın sürətlə zəifləməsi hər işdə məni özümdən çıxartmaq istəyirdi. Amma mən buna elə də əhəmiyyət vermək istəmirdim. Ehtiyat üçün götürdüyüm iyirmi qəpiyi aparata atıb kartıma bir gediş yüklədim və yoluma davam elədim.
Yazının bu yerində sizə nə metrodan danışmağa, nə də gedəcəyim tədbirdən danışmağa həvəsim var. Səbirsiz oxucuları indidən xəbərdar etmək istəyirəm ki, sizə həmən gün tədbirdən sonra başıma gələn maraqlı bir hadisəni danışmaq istəyirəm. Yenə də olsun ki, mənə maraqlı gələ biləcək bir hadisə kiməsə maraqsız da gələ bilər. Axı zövqlər müxtəlifdir...
Tədbirdən çıxandan sonra cibimdəki cəmi-cümi iyirmi qəpiklə yaxınlıqdakı “Sahil” metrosuna tərəf istiqamət aldım. Artıq gün batmışdı. Yolüstü binaların mətbəxlərinə göz atıb hiss edirdim ki, artıq sobadakı çaydanlar qaynara düşüb. Metroya girib keçid yerinə yaxınlaşaraq əllərində metrokartı kimisi evə, kimisə də başqa yerə gedən adamlara boyun olmaq istədim. Düzü çox utanırdım. Ataların bir məsəli nagəhan yerdə yadıma düşməyə vaxt tapdı. “İlanın yarpızdan zəhləsi gedər, amma yarpız gəlib onun yuvasının ağzında bitər”. Bir-iki nəfərə yaxınlaşıb məni də müftə keçirtməyi xahiş eləmək istəsəm də, buna cəhd edə bilmədim. Bir əlimlə cibimdəki son qəpiyi oynada-oynada yaxınlaşdım keçid aparatlarının yanında oturan xanıma. Dedim bəlkə məni siz keçirdə bilərsiniz. Qadın nəzakətlə üzünün ifadəsini də heç dəyişmədən başı ilə “yox-yox” cavabını verdi. Əsəbləşib sonuncu qəpiyimi verib kartıma keçid yükləmək istədim. Gediş yükləyən aparata yaxınlaşmaq istəyəndə bir anlıq düşündüm ki, metrodan çıxandan sonra gərək evə ayaqla gedəm. Buna isə heç halım yox idi. Çünki mədəm ac, özüm əzgin, ayaqlarım da yorğun idi. Ona görə sonuncu dəfə şansımdan yararlanmaq istədim. Ona görə də gediş aparatlarına yaxınlaşıb cibindən kartını çıxardan orta, hardasa 30-35 yaşlı bir adama yaxınlaşaraq gülümsəyib əgər zəhmət deyilsə və imkan varsa məni də keçirtməsini xahiş elədim. Adam isə qayıdıb mənə qırmızı-qırmızı dedi ki, “hər şey pulnandıyeee, qaqaş”. Sonra kartını qoyub keçəndə onun hesabındakı gedişlərin sayı düz 21 dənə idi. Adam çıxıb metroya, mən isə kor peşman metrodan çıxıb Axundov bağı tərəfə yol aldım. Bu hadisədən o qədər təsirləndim ki, Axundov bağının yanında son dayanacağı olan 177 nömrəli avtobusa necə çatdığımı heç özüm də bilmədim. Avtobusdan evə qədər adamın zəhrimar siması mənim gözümün qabağından getmirdi. Sonun da mənə ömrünün axırına qədər sadiq qalan iyirmi qəpiyə minnətdarlıq hissimi yaşaya-yaşaya gəlib evə çatdım.
Amma həmən tarixi gündən bir neçə vaxt keçməsinə baxmayaraq, indi də başa düşə bilmirəm ki, o adam görəsən, haradan bilirdi ki, mən hər şeyin pulsuz olduğunu düşünürəm?!
Mənə də maraqlı gələn elə bu idi...

Read more

Mən qatil deyiləm

1





Bu yollarda qoyaraq iz,
Səliqəli, səliqəsiz,
Sürücülük vəsiqəsiz,
Hələ də ömür sürürəm.

Məni qatil bilir çevrəm,
Qatillər olsa da dövrəm,
Amma ki, qatil deyiləm,
Mən ancaq vaxt öldürürəm.

Yaram qübar bağlayaraq,
Bəxtimə yas saxlayaraq,
Öz dərdimə ağlayaraq,
Camaatı güldürürəm.

Read more

O.Henri "Qəribə bir hekayə"

0


Dünya şöhrətli amerikan yazıçısı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Yazdığı əsərləri O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sidney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla, müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə həbsxanada qələmə almışdır.

Həbsdən çıxdıqdan sonra O. Henri “The Rolling Stone” (Avara) adlı həftəlik satirik jurnalın baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır.

O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin marağına səbəb olmuş və bu işdə o, müvəffəqiyyət qazanmışdır.

Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan gözlənilməz sonluqlarıyla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir "tərz" meydana gətirmiş və bu bir çox yazıçıya ilham mənbəyi olmuşdur.

Maraqlı süjet xətti və incə yumoru ilə seçilən əsərlərində amerikan həyat tərzinin, burjua cəmiyyətinin sosial ziddiyyət və mənəvi eybəcərlikləri öz əksini tapmışdır. Yazıçının “Kral və kələm” romanından əlavə hekayələrini topladığı əsas kitabları bunlardır: “Qərbin ürəyi”, “Dörd Milyon” (Four Million), “Yanan Çıraq” (The Trimmed Lamp), “Şəhərin səsi” (The Voice of the City), Seçmələr (Options), Fırılananlar (Whirligigs), Altılıqlar və Yeddiliklər (Sixes and Sevens). Yazıçının əsərləri dəfələrlə ekranlaşdırılmışdır.

O. Henri 1910-cu ildə Nyu Yorkda vəfat etmişdir.


Hekayə


Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da, əslində onlar üç nəfər idilər. Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvrılmağa başladı. Con Smoders vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı. Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl gənc qadın oldu.

Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ailə qurub San-Antonio kəndində yerləşdi. Bir müddət sonra balaca qız da ailə qurdu və aradan illər keçdikdən sonra balaca qızın da qızı dünyaya gəlib beş yaşına çatdı.

Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı. Bir gecə qəribə bir hadisə baş verdi. İllər öncə Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvrılmağa başladı. Əgər Con Smoders yaşayırdısa deməli, o, nəvə sahibi də olmuşdu.

Con Smit (gənc qadının əri) arvadına "Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam" dedi.

Arvadı "Yox, yox, Con getmə. Bəlkə sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan" deyə ərinin getməyinə etiraz elədi.

Beləcə Con Smit balaca qızı üçün dərman almağa getmədi. O, arvadıyla birlikdə gəlib balaca Penzinin (balaca qızın adı Penziydi) başı üstündə dayandılar.

Bir müddət sonra Penzinin halı lap pişləşdi. Con Smit təkrar balaca qızı üçün dərman almağa getmək istədi, amma arvadı yenə də ona mane oldu.

Elə bu vaxt birdən-birə evin qapısı açıldı və hardansa gəlmiş uzun və ağ saç-saqqallı, donqar, yaşlı bir qoca kişi beli bükülmüş vəziyyətdə içəriyə girdi.

Penzi qoca kişini "Xoş gördük baba" deyə salamladı. Balaca qız yaşlı adamı o birilərindən əvvəl tanımışdı.

Qoca kişi cibindən tez dərman şüşəsini çıxardaraq Penziyə bir qaşıq sirop içirtdi. Balaca qızın vəziyyəti dərhal yaxşılaşdı və o sağaldı.

Con Smoders "Tramvayı gözlədiyim üçün bir az gecikdim" dedi.


Çevirdi: Seyid Ramin

Read more

Bir bədbəxtin şeiri

0


Ey məndən bəxtimi borc istəyən dost,
Buna mən yazığın yoxdu imkanı.
Mən bədbəxt insanam məndə bəxt hanı?
Bəxtim olsa idi, bəxtim olardı.

Qoy mənə dərs olsun keçdiyim bu dərs,
Bədbəxt tənliyimin yox xoşbəxt həlli.
Görən necə olar belə təsəlli,
Mən xoşbəxt bədbəxtəm, bədbəxt xoşbəxtəm?

Mən belə dünyanın nəyini deyim?
İşsizlik vaxtında düşmüşəm işə.
Gələndə mənimlə axı görüşə,
Nə üçün bəxtimi bəxtim gətirmir.

Bəxtimiz belədi, bizə həmişə,
Xoşbəxtlər yad olar, bədbəxtlik qonşu.
Gəlsə biz tərəfə xoşbəxtlik quşu,
Qonar başımıza batırmaq üçün.

Read more

Kim kimə oxşayır?

0


İSA QƏMBƏRİN OXŞARI, ZAMİN HACININ KÖŞƏSİ...


Qəzetimizin köşə yazarı Zamin Hacı dünənki köşəsində "facebook" sosial şəbəkəsində yer almış çox maraqlı bir müzakirədən söz açmışdı. Sitat: “İsa Qəmbər orada bir foto yerləşdirib, altından da yazmışdı ki, özümə bənzəyən adam tapmışam”. Bu köşə oxucularımızı maraqlandırıb və onlar (kimlərin ki, bilgisayarı yoxdur və "facebook" şəbəkəsindən istifadə etmirlər - red.) bilmək istəyirlər ki, nə baş verib, başqanın oxşarı kimdir, Zamin Hacı yazan qeydlərin arxasındakı proses nədir? Ona görə də kompyuteri olmayan oxucularımızın xahişi ilə proses barədə təfsilatlı bilgi veririk.
Müsavat başqanı İsa Qəmbər özünün fb-dəki ("facebook") səhifəsinə şəkildə gördüyünüz bu oxşarını “Mənə oxşayan adam” başlığı altında yerləşdirib. Bunun ardınca isə sosial şəbəkədə həmin şəxsin kimliyi ilə bağlı müzakirələr başlayıb. Fb-də belə bir imkan var - müzakirə açan tərəfin səhifəsində xüsusi yer var - kim istəsə oraya öz fikirlərini yaza bilər, bir neçə saniyə sonra həmin fikirləri şəbəkədə bir-biri ilə arkadaş olan hər bir kəs oxuya bilər. Bir növ yazılı söhbət, müzakirə kimi bir şey yəni...Başqanın profilində bu şəkillə bağlı əməllicə müzakirə gedib. Bu hissəni Zamin bəy də yazıb. Ona görə də təfsilata varmırıq. Yeri gəlmişkən, Müsavat başqanı Zamin bəyin qeyd olunan yazısını da həmin müzakirələrə yerləşdirib. Hazırda orada qəzetimizin köşə yazarının yazısının müzakirəsi gedir. Müzakirələrə qatılanlar tərəfindən Nevil Çemberlenə, Hüqoya, hətta Ziqmund Freydə, İrlandiya sosialistlərinin rəhbəri Ceyms Konola, Molotova, Nitşeyə, Paul Langevina, hətta Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya oxşadılan bu şəxsin gerçək kimliyini Seyid Ramin adlı "Facebook" istifadəçisi tapıb. Başqanımıza oxşayan şəkildəki bu şəxs britaniyalı şair və yazıçı Redyard Kiplinqmiş. Kiplinqin ən məşhur kitabı “Cungel”dir. O, dünya ədəbiyyatına Mauqli, Şirxan və Tabaki kimi obrazları gətirib. Nobel mükafatı laureatıdır... Maraqlıdır ki, bir neçə il öncə redaksiyamıza "Sədərək" ticarət mərkəzində çalışan satıcılardan biri telefon edərək, yarmarkada hörmətli başqanın oxşarının çalışdığını və ona hamı tərəfindən başqan kimi müraciət olunduğunu demişdi. Təəssüf ki, bu ticarət mərkəzi hazırda başqa yerdə fəaliyyət göstərir. İstənilən halda, artıq ürəklə deyə bilərik ki, İsa Qəmbərin Azərbaycanda da, dünya tarixində də oxşarı var.


Nailə RÖVŞƏNQIZI (Yeni Müsavat)

Read more

Dua

0



Bu könül dözmədi eşqin belə işgəncəsinə,
Kimsə səs vermədi neyçünsə bu könlün səsinə,
“Əlim hər yandan üzüldü ümüdüm qaldı yenə,
Sənə doğru açılan əllərimin kölgəsinə.”*


Yürüyərkən yolumu sanki itirdim gəldim
Özümü mən buraya güclə yetirdim gəldim,
Hər nəyim vardısa izninlə gətirdim, gəldim,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”


Mən sənin eşqini qəlbimlə tutub saxlamışam,
Eşqimin atəşini söndürərək ağlamışam,
Həmişə mən dar ayaqda ümüdü bağlamışam,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”


Göz yaşım gözlərimi dandı çölə çıxmaq üçün,
Göz yaşım çırpınaraq döndü selə axmaq üçün,
Göz yaşım axdı töküldü yerə ki, baxmaq üçün,
“Sənə doğru açılan əllərimin kölgəsinə.”


* Beyt şair İlqar Fəhminindir.


Read more

 
Design by ThemeShift | Bloggerized by Lasantha - Free Blogger Templates | Best Web Hosting